27-29 oktyabr 2026-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhəri növbəti dəfə qlobal humanitar diplomatiyanın mərkəzinə çevrilərək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Dünyanın fərqli qitələrindən gələn 100-ə yaxın ölkələrin nümayəndələrini, dini liderləri, alimləri və beyin mərkəzlərini bir araya gətirən builki forum “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” devizi altında fəaliyyətə başlayıb.
Tədbirin rəsmi açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyət üçün mühüm mesajlarla zəngin olan geniş nitq söyləmişdir. Prezident İlham Əliyev çıxışının ilk hissəsində Bakı Forumunun keçdiyi tarixi yola nəzər salmış və bu platformanın müasir beynəlxalq münasibətlər sistemində yerini yüksək qiymətləndirmişdir. Dövlət başçısı vurğulayıb ki, əsası 2008-ci ildə qoyulan və ilk forumunu 2011-ci ildə reallaşdıran bu qlobal təşəbbüs ötən illər ərzində qlobal miqyasda ən effektiv və inklüziv dialoq platformasından birinə çevrilmişdir. Ümumilikdə çıxışın əsas xəttini milli birlik, dövlət suverenliyi, beynəlxalq hüquq, iqtisadi dayanıqlılıq və mədəniyyətlərarası əməkdaşlıq prinsipləri təşkil edir. Dövlət başçısının nitqində də vurğulandığı kimi 2011-ci ildən keçirilən bu forumun nüfuzlu beynəlxalq platformaya çevrilməsi Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir.
Müxtəlif ölkələri təmsil edən minlərlə iştirakçının Bakıda bir araya gəlməsi ölkəmizin qlobal dialoq və əməkdaşlıq məkanındakı mövqeyini gücləndirir. Müasir dünyada müharibələrin, siyasi qarşıdurmaların və dini-etnik ziddiyətlərin artdığı şəraitdə mədəniyyətlərarası dialoq təkcə humanitar təşəbbüs deyil, həm də sabitlik və qarşılıqlı etimad üçün strateji vasitədir. Multikulturalizm, dini və etnik dözümlülük ənənələri bu gün də cəmiyyətimizin mühüm xüsusiyyətlərindəndir. Dövlət başçısı bildirib ki, fərqli dinlərin, etnik qrupların əsrlər boyu bir yerdə, dinc və qarşılıqlı hörmət şəraitində yaşaması Azərbaycan xalqının həyat tərzidir. Ölkəmiz bu unikal təcrübəni qlobal müstəvidə parçalanma ilə ksenofobiya təhdidləri ilə üzləşən dünyaya uğurlu bir model kimi təqdim edir. Azərbaycançılıq ideologiyası məqamlarına toxunan cənab prezidentin nitqində ölkədə müxtəlif etnik və dini qrupların məhz bu vahid dövlətçilik ideyası ətrafında birləşməsi milli sabitliyin əsas dayaqlarından biri kimi qeyd olunub.
Regional təhlükəsizlik fonunda prezidentin nitqində ən diqqət çəkən məqamlardan biri Ermənistan-Azərbaycan münasibətləri və sülh quruculuğu ilə bağlı qətiyyətli mesajları olub. Dövlət başçısı xatırladıb ki, 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan müharibə bitdikdən dərhal sonra Ermənistana sülh təklif edən ilk tərəf olub. Prezident həmçinin regionda yeni geosiyasi vəziyyətin yarandığını, Azərbaycanın əbədi müharibə istəmədiyini və qisasçılıq tendensiyalarından uzaq olduğunu qeyd edərək beynəlxalq hüquqa əsaslanan dayanıqlı sülhün və sabitliyin təmin olunması istiqamətində ölkəmizin sadiqliyini ifadə edib.
Dövlət başçısının çıxışında beynəlxalq siyasətin ən ağır nöqtələrindən biri olan ikili standartlar məsələsi xüsusi qeyd olunub. O, müstəqil dövlətlərin daxili işlərinə qarışma cəhdlərini, ədalətsiz sanksiya hədələrini və dırnaqarası “demokratiya dərslərini” qəbuledilməz adlandırıb. Azərbaycanın hər bir qərarının yalnız öz xalqının iradəsinə və milli maraqlarına söykəndiyini vurğulayan prezident kənar diqtələrin heç bir təsir qüvvəsinə malik olmadığını bəyan edib.
Milli təhlükəsizlik kimi vacib məqamlara toxunan dövlət başçısı ölkə daxilində tam sabitliyin, xalq-iqtidar birliyinin və iqtisadi müstəqilliyin təmin edildiyini vurğulayıb. Bildirib ki, bu gün Azərbaycan üçün potensial təhdidlər ölkə daxilində yox, yalnız onun coğrafi hüdudlarından kənarda formalaşa bilər. Dövlət başçısı xarici mənbəli destruktiv ideoloji təsirlərə, mədəni ekspansiyaya və dezinformasiya kompaniyalarına qarşı Azərbaycanın hər zaman ayıq-sayıq olduğunu və qoruyucu sipərlərin gücləndirildiyini bildirib.
Çıxışda qlobal miqyasda aparılan diplomatik fəaliyyətlərə və beynəlxalq platformalardakı ölkəmizin uğurlarına toxunan prezident İlham Əliyev Azərbaycanın regionda və dünyada yaratdığı yeni reallıqların artıq supergüclər və beynəlxalq birlik tərəfindən qeyd-şərtsiz qəbul edildiyini də bəyan edib.
Azərbaycanın artan beynəlxalq nüfuzu qarşıdakı illərdə də ev sahibliyi edəcəyi mötəbər tədbirlərdə də öz əksini tapır. Dövlət başçısının bildirdiyi kimi 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün, 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün ölkəmizdə keçirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər Azərbaycanın həm islam dünyası, həm Avropa ilə siyasi dialoqun və çoxtərəfli əməkdaşlığın inkişafında mühüm tərəfdaş olduğunu bir daha təsdiqləyir. Dövlət başçısının nitqində də qeyd olunduğu kimi Azərbaycan cəmiyyətinin multikultural dəyərləri və dövlət siyasətinin divarlar deyil, körpülər qurmağa yönəlməsi bütün bu istiqamətdə fəaliyyətə yönəlib. Müxtəlif siyasi və mədəni məkanlarla əməkdaşlığın inkişafı ümumilikdə ictimai həmrəyliyin möhkəmlənməsinə, beynəlxalq səviyyədə qarşılıqlı anlaşmanın inkişafına xidmət edir. Bu gün dünyada münaqişələrin, qarşıdurmaların və etimadsızlığın artdığı bir şəraitdə Azərbaycanın dialoq çağırışı xüsusi məna daşıyır. Ölkəmiz öz təcrübəsilə sübut edir ki, milli maraqların qətiyyətlə müdafiəsi ilə sülhə və əməkdaşlığa açıq olmaq bir-birinə zidd anlayışlar deyil.
Nəticə etibarilə prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda geniş əhatəli çıxışı Azərbaycanın bir daha multikulturalizm dəyərlərinə sadiqliyini, eyni zamanda milli maraqlarını və suverenliyini qətiyyətlə qoruduğunu bəyan edir. Bakıdan səslənən bu çağırışlar eyni zamanda bəşəriyyətin ortaq gələcəyi üçün dialoqun yeganə çıxış yolu olduğunu göstərir.