Düzgün.az xəbər verir ki, uşaqların icbari dispanserizasiyası çərçivəsində Kürdəmir Rayon Mərkəzi Xəstəxanası tərəfindən rayonun 6 saylı körpələr evi-uşaq bağçasında gün ərzində baş tutan müayinədən 40-dan çox uşaq keçib.
Belə ki, həkim-pediatr, həkim-oftalmoloq, və s. ixtisaslı mütəxəssislərin iştirakı ilə bir gün ərzində keçirilən müayinələrdə ümumilikdə 40-dan çox uşaq ilkin müayinələrə cəlb olunub və xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib.
Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.
İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə aparılır.











