1990-cı il yanvarın 20-də baş vermiş qanlı faciədən 36 il ötür. Bu tarix taleyüklü bir təqvim kimi dövlət müstəqilliyinin bərpası yolunda Azərbaycanın üzləşdiyi böyük bir faciə və eyni zamanda xalqımızın qürur günü, qəhrəmanlıq salnaməsinin ən dəyərli səhifələrindən biridir. İllər keçdikcə qanla yazılmış bu faciənin müxtəlif aspektlərdən təhlili Azərbaycanın müstəqillik yolunda dönməz qərarının ifadəsi olmaqla yanaşı, öz hüquqları uğrunda mübarizədə nə qədər qətiyyətli olduğunu bir daha təsdiqləyir. Düz 36 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan oğul və qızları həmin o müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. O gecə Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin dönüş nöqtəsi oldu. Faciəli hadisələrdən sonra Azərbaycan xalqı daha böyük əzmlə milli müstəqillik yoluna qədəm qoydu. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və Qanlı Yanvar şəhidlərinin qanı ilə yazılan bu tarix ölkəmizin azadlıq yolundakı qurbanlarının əbədiləşmiş simvolu oldu.
1990-cı il 20 Yanvar hadisəsi XX əsrin sonlarından başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı Azərbaycan xalqının etiraz və dirənişini boğmaq cəhdi idi. O zaman SSRİ rəhbərliyi Azərbaycan xalqının haqlı tələblərini yerinə yetirmək əvəzinə, əksinə bu dəhşətli olayın iştirakçısı oldu. Yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkovun rəhbərliyi ilə əsasən ermənilərdən ibarət 66 min nəfərdən ibarət qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi və Azərbaycan xalqına qarşı milli qırğın törədildi. Dinc nümayiş keçirən əliyalın vətəndaşların üzərinə tank, BTR və digər ağır texnikalardan və müxtəlif tipli silahlardan istifadə edilməklə hücuma keçmək və insanları kütləvi şəkildə amansızcasına qətlə yetirmək dövlət səviyyəsində insanlığa qarşı törədilmiş cinayət idi. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanın açıq-aşkar dəstəkləməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə də Bakıda misli görülməmiş faciə, böyük itkilər, günahsız insanların həlak olması ilə nəticələndi. 20 Yanvar hadisələrindən sonra Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi.
1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çoxlu sayda şəhid verməsinə baxmayaraq, Sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Bu mübarizə xalqımızı daha da mətnləşdirdi, onun milli ruhu daha da gücləndi. Xalqın birliyi, milli ləyaqət hissi ən müasir silahlarla silahlanmış imperiya ordusuna qalib gəldi. Bu 20 Yanvar faciəsini səciyələndirən ən mühüm məqamlardan biri idi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan xalqı əbədi qəhrəmanlıq salnaməsi yaratdı.
Həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Hərtərəfli informasiya blokadası səbəbindən dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. O vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü – yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqla birgə olduğunu qətiyyətlə bəyan etdi. Faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında iddiham etdi. Cəsarətli bəyanatlar verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Həmin ağır günlərdə xalqımıza mənəvi güc verən bu bəyanat baş verən haqsızlığı dünyaya çatdırmaqla yanaşı, eyni zamanda ən çətin anlarda dahi şəxsiyyətin xalqının yanında olduğunu sübut etdi. Sonrkı illərdə məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verildi. Ümummilli Liderin təşəbbüsü ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk hüquqi qiymət verdi. Ulu öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
Ümummilli Lider Heydər Əliyev 20 Yanvar şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə daim diqqətlə yanaşırdı və bu istiqamətdə müvafiq addımlar atıldı. Şəhidlərin xatirələri əbədiləşdirildi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Ümummilli Lider Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı bu gün də yüksək səviyyədə davam etdirilir. Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdə zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu baxımdan 20 Yanvar faciəsinin qurbanları da istisna deyil. Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. Bu illər ərzində 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı müvafiq qanunvericilik bazası yaradılıb. Dövlət başçısının bu istiqamətdə sərəncam və fərmanları nəticəsində onların sosial təminatı ildən ilə daha da möhkəmləndirilməsi dövlətin ən mühüm məsələlərindəndir.
Bu gün şəhidlərimiz öz müqəddəs məkanlarında rahatlıqla uyuyurlar. Azərbaycan şanlı Zəfərə imza ataraq qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş müstəqil dövlətdir. Qanlı qırğının ildönümü ərəfəsində xalqımız öz vətənpərvər övladlarını iftixar və qürurla yad edir. Qalibiyyət rəmzimiz olan üçrəngli Bayrağımız azad edilmiş bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Xalqımız öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirir, uzun illərdən bəri arzu etdiyi, görmək istədiyi müstəqil Azərbaycanın suverenliyinin təntənəsini yaşayır. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik işğal dövründə işğalla barışmazlıq və 2020-ci il Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər bu qətiyyəti və əminliyi daha da gücləndirir.
Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin hər birinin əziz xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaqdır.
Düzgün.az
