Göyçay rayonunda torpaq-iqlim şəraitinə uyğun olaraq Heydər Əliyev prospekti daxil olmaqla küçələrin yaşıllıq ərazilərinə dekorativ gül-çiçək kollarının əkilməsi davam etdirilir.
Düzgün.az xəbər verir ki, 19 iyun tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsi tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu Natavan küçəsində yerləşən yol dairələrinə bununla yanaşı, rayonun əsas giriş yollarından sayılan prospektin ehtiyac olan hissələrinə ( prospektin Nuşican adlanan hissəsi) müxtəlif növ dekorativ gül-çiçək kollarının əkilməsi işləri aparılıb.
Əkilməmişdən əvvəl sözügedən ərazilər alaq otlarından təmizlənib, torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və əkilməsi üçün lazım olan zəruri hazırlıq işləri görülüb.
Daha sonra ümumilikdə 850 ədəd dekorativ güllər əkilib. Suvarılıb və aqrotexniki qulluq göstərilib.
Ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın itməməsi məqsədi ilə Şəhər Təsərrüfatı Birliyi tərəfindən rayonda mövcud olan yaşıllıq qorunub, diqqətdə saxlanılır.
Göyçay Şəhər Təsərrüfatı Birliyi rayon sakinlərinə və rayona üz tutan qonaqlara müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
Əziz rayon sakinləri və qonaqlar rayonun prospekti daxil olmaqla küçələrinə əkilən dekorativ güllərin və ağacların tapdalanaraq məhv edilməsi, çıxarılaraq kənara atılması və oğurlanması yolverilməzdir. Bu cür analoji hadisələr baş verərsə həmin şəxlərə qarşı ölçü götürülməsi üçün Göyçay rayon Polis Şöbəsinə rəsmi müraciət olunacaq. Bununla yanaşı həmin şəxsin adı, soyadı, ünvanı və fotosu ictimailəşdiriləcək.
Səbuhi Eltonlu
Düzgün.az Şəhər Təsərrüfatı Birliyi
















