Düzgün.az xəbər verir ki, uşaqların icbari dispanserizasiyası çərçivəsində Kürdəmir Rayon Mərkəzi Xəstəxanası tərəfindən rayonda gün ərzində 20-dən çox uşaq müayinədən keçib.
Belə ki, rayonda fəaliyyət göstərən körpələr evi-uşaq baxçasında baş tutan müayinələrdə həkim-pediatr, həkim-oftalmoloq, və s. ixtisaslı mütəxəssislər iştirak edib.Məhz bu rayonda bir gün ərzində keçirilən müayinələrdə ümumilikdə 20 dən çox uşaq ilkin müayinələrə cəlb olunub və xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə aparılır.






