Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişafıdır. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, ümumilikdə türk dünyası ilə əlaqələrin inkişafına mühüm töhfə vermək baxımından əhəmiyyət kəsb etdi. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, verilən mesajlar göstərir ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq artıq yeni inkişaf mərhələsinə daxil olur.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir. Dövlət başçısının nitqində vurğulandığı kimi iki ölkə arasında münasibətlər möhkəm təməl – tarixi bağlar, mədəni və mənəvi əlaqələr üzərində qurulub. Azərbaycan-Türkmənistan əlaqələrinin bugünkü səviyyəsini məhz bu amillər şərtləndirir. Xalqlarımızı ortaq etnik köklər, dil yaxınlığı və əsrlər boyu formalaşmış mənəvi bağlılıq birləşdirir. Həmçinin qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinin gələcəyi üçün yeni imkanlar yaranır. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin səmərələliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir.
Bakıda keçirilən təkbətək və geniş tərkibli görüşlər zamanı danışıqların əsas istiqamətlərini təşkil edən mövzularda siyasi əlaqələrlə yanaşı, ticari-iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, sənaye, humanitar sahələr, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət istiqamətləri təşkil etdi. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı bu məqamlara bir daha diqqət çəkdi, xüsusilə nəqliyyat və logistika əməkdaşlığının uzunmüddətli xarakter daşıdığını vurğulayaraq Azərbaycan və Türkmənistanın Şərq-Qərb marşrutlarının inkişafında mühüm rol oynadığını bir daha səsləndirdi. Dövlət başçısının çıxışında digər əsas diqqət çəkən məqamlardan biri Qarabağın bərpasına Türkmənistanın verdiyi dəstəyin yüksək qiymətləndirilməsi oldu. Prezident İlham Əliyev vurğuladı ki, Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid tikilir və artıq layihənin icrasına başlanılıb. Bu təkcə humanitar yardım deyil, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasına qardaş dəstəyinin simvoludur.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv edilməsində Türkmənistanın göstərdiyi dəstəyə görə təşəkkür etməsi oldu. Dövlət başçısı bunu tarixi hadisə adlandırdı və bu yanaşma heç də təsadüfi deyildi. Ölkə başçısının nitqində qeyd olunduğu kimi coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi abidələrimiz, həmçinin regional qarşılıqlı əlaqə və nəqliyyat və logistika problemləri ilə bağlı konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Bu gün bu əlaqələr qarşılıqlı səfərlərin dinamikliyi fonunda yüksələn xətlə daha da möhkəmlənir.
Danışıqların məzmununda həmçinin humanitar əməkdaşlıq məsələləri də xüsusi yer tuturdu. Təhsil, səhiyyə, idman, mədəniyyət sahələrində imzalanan sənədlər xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir. Türkmənistan Prezidentinin çıxışında bu istiqamətdə məqamlara toxunuldu, Azərbaycan-Türkmənistan xalqlarını əsrlər boyu formalaşmış dostluq, qohumluq və ortaq dəyərlərin birləşdirdiyi vurğulandı. Ali qonaq Türkmənistanın Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələrimizi və xalqlarımızı əsrlər boyu mehriban qonşuluq əlaqələri, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini bildirdi.
Beləliklə 22 iyun 2026-cı il tarixli Bakı görüşü Azərbaycan-Türkmənistan münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi yadda qaldı. İmzalanmış sənədlərin miqyası, müzakirə olunan məsələlərin geniş spektri və dövlət başçılarının verdiyi mesajlar bir daha göstərdi ki, tərəflər münasibətləri daha yüksək səviyyəyə qaldırmaq əzmindədirlər. Ümumilikdə Azərbaycan və Türkmənistanın formalaşdırdığı strateji xətt isə təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır.
Düzgün.az
