Azərbaycan-Türkiyə dostluğunun, qardaşlılğının, müttəfiqliyinin dünyaya təqdimatı olan Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Milli Qurtuluş Günündə imzalanan bu sənəd iki qardaş dövlət arasındaki münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldərək strateji tərəfdaşlığı rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Şuşada imzalanan Bəyənnamə təkcə iki dövlət üçün deyil, bütövlükdə regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm geosiyasi sənəd kimi tarixə düşdü. Bəyannamənin Şuşada imzalanması sənədə xüsusi rəmzi məna qazandırdı. Qarabağın mədəniyyət paytaxtında imzalanan bu sənəd Zəfərin siyasi nəticələrinin beynəlxalq səviyyədə təsdiqi kimi əhəmiyyət daşıdı. Şuşa Bəyannaməsi iki dövlət arasındaki münasibətləri ən yüksək səviyyəyə qaldıraraq müttəfiqlik modelini tamamilə yeni bir mərhələyə yüksəldir. Sənəddə siyasi, iqtisadi, hərbi, təhlükəsizlik, enerji, nəqliyyat, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın əsas prinsipləri müəyyən edilib. Sənəddə tərəflərin milli maraqlarının müdafiəsində qarşılıqlı dəstək verməsi, beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyət, regional təhlükəsizlik məsələlərində ortaq mövqe nümayiş etdirməsi əsas məqamlardandır. Beləliklə perspektivdə Şuşa Bəyannaməsi iki dövlət arasındaki münasibətlərin yol xəritəsinə çevrilib.
Bəyannamə regionda sülh, sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Sənəddə əks olunan müddəalar bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə nəqliyyat kommunikasiya xətlərinin açılması, yeni logistika marşrutlarının yaradılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi regionun gələcək inkişafına töhfə verir. Bu baxımdan Şuşa Bəyannaməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edən mühüm platforma rolunu oynayır.
Yeni dövrün ən mühüm hadisələrindən olan Zəngəzur dəhlizi layihəsi sənəddə xüsusi qeyd olunan məqamlardandır. Bəyannamədə qeyd olunan bu təşəbbüs türk dünyasının fiziki və iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Sənəddə həmçinin xarici siyasət sahəsində əməkdaşlıqda mühüm önəm kəsb edən məsələlərdəndir, tərəflər beynəlxalq münasibətlər sistemində qarşılıqlı dəstəyin vacibliyini vurğulayır, regional və qlobal məsələlərdə koordinasiyalı fəaliyyət göstərmək niyyətlərini bəyan edirlər. Bu yanaşma beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqların müdafiəsinə, regional təhlükəsizliyin möhkəmləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinin qorunmasına xidmət edir.
Şuşa Bəyannaməsində ən mühüm istiqamətlərindən biri də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Sənəd iki dövlətin təhlükəsizliyinə təhdid yarandığı halda qarşılıqlı dəstəyin göstərilməsini nəzərdə tutur. Müdafiə sənayesi, hərbi təhsil, birgə təlimlər, müasir texnologiyaların tətbiqi və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması istiqamətində əməkdaşlıq daha da genişlənir.
Bəyannamədə diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi də xüsusi yer tutur. Xaricdə yaşayan türk və azərbaycanlı icmaların birgə fəaliyyət göstərməsi, beynəlxalq informasiya məkanında ortaq maraqların müdafiə olunması və diplomatik təşəbbüslərin koordinasiyası qardaş dövlətlərin potensialını daha da artırır.
Şuşa Bəyannaməsinin imzalanmasından ötən 5 ildə iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərin dinamikliyi, TDT-nın Zirvə görüşləri, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlərin say tərkibi, bütün bunlar qardaşlığımızın, dostluğumuzun ən bariz təzahürlərindəndir.
Azərbaycan-Türkiyə münasibətləri sözün əsl mənasında dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsidir. Hər iki dövlət hər zaman bir yumruq kimi birləşərək daim hədəflərə doğru inamla addımlayır. Hər iki dövlətin daim ədalətin, beynəlxalq hüququn yanında olması onların dünya birliyində nüfuzunu daha da gücləndirir. Məhz bu birlik yeni dünya nizamının formalaşdığı hazırki dövrdə Türk dünyasının rolunu, mövqeyini daha da möhkəmləndirir.
Düzgün.az
