İyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Açılış mərasimində çıxış edən prezident İlham Əliyev Azərbaycanın enerji sektorunun inkişafı və gələcək perspektivlərdən söz açıb. Dövlət başçısı çıxışında Azərbaycanın enerji siyasətinin tarixi köklərindən başlayaraq, ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rola, iqtisadi inkişaf modelinə, regional əməkdaşlıq təşəbbüslərinə və gələcək hədəflərinə qədər geniş məsələlərə toxundu. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, vaxtilə yalnız neft və qaz ixracatçısı kimi tanınan Azərbaycan bu gün həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də bərpaolunan enerji sahəsində böyük investisiyalar həyata keçirən mühüm tərəfdaş ölkəyə çevrilib. Prezidentin çıxışında xüsusilə enerji siyasətinin ölkənin iqtisadi gücününün, sosial rifahının, hərbi qüdrətinin və beynəlxalq nüfuzunun formalaşmasında oynadığı rol ön plana çəkildi.
Cənab prezident çıxışı əsnasında ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edərkən 30 illik dövrdə baş vermiş hadisələri geniş şəkildə şərh edərək bir sıra mühüm məqamları bir daha xatırladıb. Prezident İlham Əliyev Azərbaycanın 1990-cı illərin əvvəllərində üzləşdiyi ağır vəziyyətlə bugünkü reallıqlar arasında müqayisələr apraraq əldə edilən nailiyyətlərin əsasında Ülü öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün uğurla davam etdirilən enerji strategiyasının dayandığını bildirdi. Prezidentin nitqində qeyd olundu ki, Azərbaycanın bütün sferalarında dönüş nöqtəsi 1993-cü ildə baş verdi. Enerji sahəsində də ciddi uğurların əsası məhz həmin dövrdə qoyuldu. Dövlət başçısı vurğuladı ki, Ulu Öndərin 1993-cü ilin oktyabrında prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı. Həmin dövrdə çətin şəraitdə həyata keçirilən islahatlar sözsüz ki, enerji sektoruna da investisiyalar cəlb etmək baxımından böyük siyasi iradə tələb edirdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələrin tərəddüdlərinə səbəb olmuşdur. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ümummilli Lider Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində bu tərəddüdlərin aradan qaldırılması təmin edildi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın enerji siyasətinin inkişafı 1994-cü ildə başlandı. 1994-cü il sentyabrın 20-də tarixi kontrakt olan “Əsrin Müqaviləsi”nin imzalanması iqtisadi uğurlarımızın nailiyyətlərinə yol açdı. Bu isə ölkənin transformasiyasında dönüş nöqtəsi oldu.
Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, yeni qaz və bərpa olunan enerji layihələri, nəqliyyat-kommunikasiya marşrutlarının inkişafı, o cümlədən Zəngəzur dəhlizinin perspektivləri çıxışın əsas mövzularından oldu. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunaraq ölkənin qlobal enerji təhlükəsizliyinə ardıcıl töhfələr verdiyini qeyd etdi. Günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizindən geniş bəhs edən prezident İlham Əliyev vurğuladı ki, bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Avropa enerji bazarını Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik və bu ölkələrin sayı artıq 16-ya çatıb, hansı ki, onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Ölkələrin sayının artacağını əminliklə söyləyən prezident həmçinin vurğuladı ki, boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafi parametrlərə baxsanız bizim bu sahədə dünyada birinci olmağımızı görə bilərsiz. Düzgün enerji siyasətimiz bizə Azərbaycandan xaricə sərmayə yatırmağa da imkan verdi. Prezident bərpaolunan enerji və əməkdaşlıq mövzusunda məsələlərə də toxunaraq tərəfdaş ölkələrlə birgə enerji kabellərinin və yaşıl enerji layihələrinin icra olunduğunu da diqqətə çatdırdı. Nəqliyyat-kommunikasiya marşrutları istiqamətində həyata keçirilən layihələr diqqət çəkən dövlət başçısı Azərbaycan dövlətinin dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu sərmayələr sayəsində ölkəmizin yeni nəqliyyat dəhlizləri açmasına və qitələri bir-birilə əlaqələndirməsinə yönəltdi. Dövlət başçısı bildirdi ki, artıq Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir və bu dəhlizin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək.
Prezidentin nitqində bir daha nümayiş olundu ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi maraqlara deyil, həm də uğurlu diplomatiyaya, regional əməkdaşlığa və uzunmüddətli strateji baxışa söykənir. Məhz bu amillər ölkəmizi son 30 ildə regionun aparıcı dövlətlərindən birinə, qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevirib.
Düzgün.az
