15 aprel görkəmli alim, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anım günüdür.
Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan, yüksək mənəvi keyfiyyətləri və zəngin elmi fəaliyyəti ilə seçilən akademik Zərifə Əziz qızı Əliyeva xalqımızın yaddaşında silinməz iz qoymuş görkəmli şəxsiyyətlərdəndir. Akademik Zərifə Əziz qızı Əliyevanın anım günü hər il dərin ehtiram və minnətdarlıq hissi ilə yad olunur. Onun mənalı və zəngin ömür yolu, elmə verdiyi töhfələr, insanlara bəxş etdiyi nur və şəfa bu gün də xalqımızın yaddaşında yaşayır və gələcək nəsillər üçün örnək olaraq qalır.
Həkimlik fəaliyyətinə oftalmologiya sahəsində başlayan Zərifə Əliyeva bu istiqaməti məqsədli şəkildə seçmişdir. O, XX əsr Azərbaycan oftalmologiyasının inkişafında müstəsna rol oynamış, bu sahəni yeni mərhələyə yüksəltmiş alimlərdən biri olmuşdur. Xüsusilə həmin dövr geniş yayılmış traxoma xəstəliyinə qarşı apardığı mübarizə Azərbaycan səhiyyəsi üçün mühüm dönüş nöqtəsi olmuşdur. Alimin təklif etdiyi müalicə üsulları qısa zamanda bütün respublikada tətbiq edilmiş və bu xəstəliyin aradan qaldırılmasına böyük töhfə vermişdir. Alimin namizədlik disertasiyası məhz traxomanın müalicəsinə həsr olunmuş, bu sahədə mühüm nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Bununla yanaşı o, qlaukoma, görmə orqanının iltihabı və peşə patalogiyaları kimi mürəkkəb problemlərin öyrənilməsində də mühüm nəticələr əldə etmişdir. Tibb sahəsində milli kadrların yetişdirilməsində əvəzsiz töhfələr verən akademik Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də böyük pedoqoq kimi yadda qalmışdır. Onun rəhbərliyi altında onlarca gənc alim və həkim yetişmiş, milli oftalmologiya məktəbi formalaşmışdır. O, tələbələrinə yalnız tibbi biliklər deyil, həm də həkim etikası, humanizm və məsuliyyət hissi aşılayırdı. Onun müəllifi olduğu monaqrafiyalar, dərsliklər və elmi məqalələr bu gün də aktuallığını qoruyur və praktik tibb üçün mühüm mənbə rolunu oynayır. Görkəmli alimin müəllifi olduğu bir çox əsərlər samballı tədqiqatlarının nümunələrindəndir. O, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 15 monaqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Alimin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən elmi tədbirlər, o cümlədən oftalmologiya sahəsində Ümumittifaq səviyyəli plenumlar Azərbaycan elminin nüfuzunun artmasına xidmət etmişdir. Z.Əliyevanın xidmətləri dövlət və elm ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilmişdir. O, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş, bu nüfuzlu mükafatı qazanan ilk qadın oftalmoloq kimi tarixə düşmüşdür. Bu nailiyyət Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi olmuşdur.
Zərifə xanım Əliyevanın obrazını tamamlayan ən mühüm cəhətərindən biri onun humanizmi və təmənnasız xeyriyəçilik fəaliyyətidir. O, tibb elminin zirvəsində dayanan bir alim olmaqla yanaşı, həm də xalqın dərdinə şərik olan, hər bir fərdin problemini özününküləşdirən “mənəvi ana” obrazı idi. Onun kimsəsiz uşaqlara göstərdiyi qayğı, bölgələrdə apardığı müalicəvi proflaktik müalicələr insanların sevgisini qazanmasına səbəb olmuşdur. Onun fəaliyyəti birbaşa insanların sağlamlığına xidmət edirdi.
Zərifə xanım əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər övladları ilə məşğul olmağa, onları Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. Ulu öndər Zərifə xanım Əliyeva haqqında xatirələrində hər zaman qeyd edirdi “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsində Zərifə xanımın əvəzsiz rolu olub.” Ulu Öndər Heydər Əliyevə layiq həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaq üçün ən azı onun yüksəldiyi zirvənin yarısını qət etmək bacarığına malik olmaq lazım idi. Zərifə xanım davranışı, səmimiyyəti, sədaqəti, qayğıkeşliyi ilə bu zirvəni də fəth etdi.
Ailə, dövlət və şəxsiyyət harmoniyasını özündə cəmləşdirən Zərifə xanım Əliyevanın həyat yolu həm də güclü ailə dəyərlərinin nümunəsidir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilə birlikdə milli dövlətçilik tarixində mühüm rol oynamış ailənin təməlini qoymuşdur. Bu ailədə formalaşan dəyərlər bu gün də dövlət idarəçiliyində öz əksini tapır.
Akademik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də vəfat etmişdir. Onun xatirəsi bu gün də ehtiramla yad edilir. Fəxri xiyabanda dəfn edilən görkəmli alimin adı Azərbaycan tibb tarixində əbədi yaşayır.
Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkəmizdə oftalmologiya elminin inkişafında mühüm rol oynayır və alimin zəngin irsini davam etdirir. Onun adı Azərbaycan tarixində, elmində və insanların qəlbində əbədi olaraq yaşayacaqdır.
Düzgün.az
