Düzgün.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Kürdəmir rayonu, S.Şıxalıyev küçəsində fəaliyyət göstərən qida məhsullarının satışı bazarında yoxlama keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı bazarda texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Bazarda qida məhsullarının satışı zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət edilmədiyi, həmçinin bazarda yerləşən ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin gözlənilmədiyi müəyyən olunub.
Bazarda süd və süd məhsullarının soyuducu avadanlıqlar olmadan, sanitar-gigiyenik tələblərə və temperatur rejiminə əməl edilmədən açıq şəraitdə saxlanıldığı aşkarlanıb. Həmçinin müşayiətedici baytarlıq sənədlərinin mövcud olmadığı, həmin sahələrdə çalışan işçilərin xüsusi geyim formasından istifadə etmədiyi müəyyən edilib.
İctimai iaşə obyektində isə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, əsas və yardımçı sahələrdə müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsullarının hazırlanması, mətbəx ləvazimatlarının yuyulması zamanı sanitar-gigiyenik qaydaların gözlənilmədiyi, işçinin müvafiq geyim formasından istifadə etmədiyi aşkar olunub.
Yoxlama zamanı, həmçinin müəyyən edilib ki, bazarda qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçməsinə dair sənədləri yoxdur.
Faktla bağlı bazarın rəhbəri barəsində protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilib, nöqsanlar aradan qaldırılanadək bazarın ərazisində yerləşən süd və süd məhsullarının satışı sahəsinin və ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.




