Düzgün.az xəbər verir ki, kinematoqrafiya sahəsində bir sıra yeni anlayışlar müəyyənləşdiriləcək.
Bununla bağlı “Kinematoqrafiya haqqında” qanuna dəyişiklik təklif olunur.
Bildirilib ki, aşağıdakı yeni anlayışların qanuna əlavə edilməsi hüquqi qeyri-müəyyənliyi aradan qaldıracaq, normanın tətbiqində vahid yanaşmanı təmin edəcək:
milli film – xarici film hesab edilməyən və bu qanunda göstərilən tələblərə cavab verən film;
xarici film – bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;
birgə istehsal filmi – yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film;
film istehsalı – film çəkilişinə hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması mərhələlərini özündə əhatə edən proses;
film çəkilişinə hazırlıq – filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin yazılması və film çəkilişi məqsədilə digər inzibati və texniki məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;
film çəkilişi – filmin bilavasitə kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən fəaliyyətləri əhatə edən proses;
filmin çəkilişinin tamamlanması – çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən proses;
yerli prodüser – Azərbaycan Respublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan prodüser;
xarici prodüser – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser.
