Düzgün.az xəbər verir ki, 17 yanvar tarixində Göyçayda torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Göyçay şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbdə “Şəhidlər muzeyi”-nin açılışı olub.
Göyçay Məzunlar Birliyinin və məktəbin birgə təşkilatçılığı ilə keçirilinən muzeyin açılış mərasimində məktəbin direktoru Sərvət Ağayev, pedaqoji heyət, şəhid ailələri, Vətən müharibəsi əlilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilə birgə ilk olaraq muzeyin açılışı olub. Şəhidlərimizin foto , tərcümeyi halları və döyüş yolu təsvir olunan foto- stend və şəxsi əşyaları ilə tanış olublar. Göyçay şəhəri Məhəmməd Füzuli adına 6 saylı tam orta məktəbin Tarix müəllimi Tərlan Qarayev muzey haqqında ətraflı məlumat verib.
Daha sonra tədbir rəsmi hissə ilə davam edib.Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılışı giriş sözü ilə açan məktəbin direktoru Sərvət Ağayev qəhrəmanlıq salnaməsi yazaraq vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir arzulayıb. 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini vurğulayıb, Buna görə qazilərimizə və şəhidlərimizə Azərbaycan xalqının daim minnətdar olduğunu bildirib.
Şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Sonra tədbirdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarixçi, direktor müavini Aqil Kəngərli, Məzunlar Birliyinin sədri Vahid Orucov, şəhid Orxan Kərimlinin atası Akif Kərimli, şəhid Elnur Əliyevin anası Tahirə Əliyeva, şəhid Sahib Tağıyevin bacısı Sevinc xanım, şəhid Vilayət Rüstəmovun oğlu Eldəniz Rüstəmov, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədli, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi Adilə Xəlilova və məktəbin hərbi müəlimi Elşən Sülyemanov çıxış edərək Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı daim xatırlamaq üçün “Şəhidlər muzeyi”nin yaradılmasını təqdirəlayiq hesab etdiklərini bildiriblər.
Qeyd edilib ki, şəhidlik zirvəsi ən ucada dayanan bir zirvədir. Bu zirvəyə ucalmaq yalnız müqəddəs amallar uğrunda mübarizə aparan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman Azərbaycan oğulları döyüş meydanında göstərdikləri şücaətlə, ölümün gözünə dik baxaraq torpaq uğrunda canlarından keçməklə bunu bir daha sübut etdilər.
Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.
Səbuhi Eltonlu






































