XX əsrin sonu Azərbaycan xalqının taleyində ən ağır və faciəli mərhələlərdən biri kimi tarixə həkk olundu. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində minlərlə insan doğma torpaqlarından didərgin salındı, şəhər və kəndlər işğal edildi, dinc əhaliyə qarşı amansız cinayətlər törədildi. Bu cinayətlərin ən dəhşətlisi isə 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın qədim yurdu olan Xocalı şəhərində baş verdi. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa baş- ladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular. Hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın,63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Bu faktlar təkcə statistika deyil. Bu rəqəmlərin arxasında yarımçıq qalmış talelər, məhv edilmiş ailələr, susdurulmuş uşaqlıq səsləri dayanır.
Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəl- bəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənis- tanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.Xocalı hadisəsi təsadüfi hərbi əməliyyat deyildi. Bu, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi idi. Dinc əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş cinayətlər beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyalarının kobud şəkildə pozulması demək idi.
Meyitlərin təhqir olunması, əsirlərə işgəncə verilməsi, qadın və uşaqların amansızcasına qətlə yetirilməsi bu hadisəni sıradan müharibə faktından ayıraraq bəşəriyyətə qarşı cinayət səviyyəsinə yüksəldir.
Xocalı – yalnız Azərbaycanın deyil, insanlığın faciəsidir.
1992-ci il fevralın 26-da baş vermiş Xocalı qətliamı, erməni silahIı birləşmələri tərəfindən törədilən misilsiz qırğın haqqında əsil həqiqətin dünya birliyinə çatdırılması üçün ilk növbədə həmin hadisələrə ölkə daxilində hüquqi-siyasi qiymət verilməli idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu hadisə ilə bağlı dediyi kimi: “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”.
Qeyd etmək yerinə düşər ki, məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olub. Ümummilli liderin təsəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Ümummilli lider BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Heydər Əliyevin siyasətində Xocalı yalnız keçmişin faciəsi deyil, gələcəyin dərsi idi. O, hesab edirdi ki, xalq öz tarixini bilməli, faciələrdən nəticə çıxarmalı və milli birliyini möhkəmləndirməlidir.
Azərbaycan dövləti illər boyu həm diplomatik, həm hüquqi, həm də informasiya müstəvisində mübarizəsini davam etdirdi. İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və prinsipial siyasət nəticəsində 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu Zəfər yalnız hərbi uğur deyildi. Bu, tarixi ədalətin bərpası idi. Xocalı qurbanlarının qanı yerdə qalmadı. Azərbaycan xalqı göstərdi ki, yaddaşını daşıyan millət məğlub edilə bilməz.
Xocalı soyqırımı XX əsrin ən ağır faciələrindən biridir. Bu hadisə göstərdi ki, insanlıq prinsipləri qorunmadıqda, beynəlxalq hüquq tətbiq olunmadıqda faciələr təkrarlana bilər.
Lakin tarix eyni zamanda sübut etdi ki:
Yaddaş yaşayan xalq məğlub olmaz.
Ədalət geciksə də, mütləq bərpa olunar.
Həqiqət sonda qalib gələr.
Xocalı bizim qan yaddaşımızdır.
Xocalı bizim milli kimliyimizin sınaq nöqtəsidir.
Xocalı unudulmayacaq.
Ülkər Abdullayeva
Heydər Əliyev Mərkəzinin elmi işçisi
Düzgün.az
